Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Yada sal məni

  

Bu, "Gedirəm bu axşam" və "Yada sal məni" adları ilə tanınmış, başda əziz dostum və qardaşım Mübariz Tağıyev olmaqla bir çox dəyərli müğənnilər tərəfindən fərqli janrlarda ifa edilmiş, Vətən müharibəsinin zəfər yolunda qəhrəman ordumuzda ruh yüksəkliyi yaradaraq, mənəvi dayaq olmuş mahnının ilk şer versiyasıdır.

Əslində bu şeri 1990-cı ildə Masallı rayonunda yazmışdım.
Daha sonralar, bir gün Mübariz Tağıyevlə bərabər dostum və qardaşım Eldar Mansurovun evində idik. Hamımızın yaralı yeri olan Qarabağ haqqında bir mahnı yazıb, üzə çıxarmağı düşünürdük...
"Bir-iki gün vaxt verin, gözəl bir şer yazıb, verərəm" -dedim. Bu anda Eldar piyanosunun üstündəki 5-6 səhifənin birini götürüb (hamısı mənim şerlərim idi), dedi: "Başqa bir şer lazım deyil, tapdım"! O, elə bu məşhur mahnı olacaq şer idi. Şerin adını "Solacaq mənsiz" qoymuşdum.
Dedim "Qardaş bundan müahribə şeri çıxmaz"! Eldar da zarafata dedi "Mən elə çıxardaram ki, siz də görərsiniz"!..
Beləliklə "çay və sigaret məclisimiz" başladı!! Qələm-kağız qabağımızda, sigaret tustusu də otağı bürüyüb! Mən çox çəkirdim, Eldar məndən də çox! İndi düşünürüm ki, yazıq Mübariz o tüstünün içində necə dözürmüş!!..

Güman edirəm şerin "Gedirəm bu axşam" və "Gəlməsəm, yada sal məni" hissələri Eldarı tutmuşdu. Buna görə də arxayınlıqla oturdu piyanonun arxasında və mövcud olmayan mahnının ilk notlarını çalmağa başladı...
Beləliklə, bir-iki saat içərisində şeri də müharibəyə uyğun hala gətirə bildik!

Aşağıda şerin həm ilk versiyasını, həm də üçlükdə üzərində işlədiyimiz versiyanı (Mahnı versiyasını) təqdim edirəm. Dəyişikliklərdə üçümüzün də həm təkliflərimiz, həm də razılığımız olmuşdur.


Şerin orjinal versiyası

Gedirəm bu axşam, gedirəm gülüm,
Bilirəm gül üzün solacaq mənsiz,
Gedirəm, gəlməsəm qadanı alım,
Bəlkə də gözlərin dolacaq mənsiz.

Bürüyüb min şübhə, min sual məni,
Öldürür sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni,
Kim məni yadına salacaq mənsiz...

Nə yaxşı bir zaman gəzdik cahanda,
Gəl bir də görüşək bu son azamanda,
Gözlərin yol çəksə biz ayrılanda,
Qəlbini qəm-kədər alacaq mənsiz.

Ömrümün dağını alıb çən, duman,
Getmək istəmirəm, amandır, aman,
Axı mən bu yerdən getsəm bir zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz!

1990 - Masallı





MAHNI VERSİYASI

Gedirəm bu axşam, gedirəm, gülüm,
Bilirəm, gül üzün solacaq mənsiz.
Gedirəm, gəlməsəm qalacaq sevgim,
Bəlkə də gözlərin dolacaq mənsiz.

Gedirəm, gəlməsəm qalacaq sevgim,
Güman ki, gözlərin dolacaq mənsiz.

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.
Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.

Bürüyüb göyləri indi çən, duman,
Torpaq dilə gəlib aman, ay aman,
Vətən gözü yaşlı qalsa, o zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz!

Vətən gözü yaşlı qalsa, o zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz!

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.
Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.
Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.
Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni.
Yada sal məni,
Yada sal məni,
Yada sal məni.





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir