Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

ZİNDAN

  Bizim otaq 70 saylı kameradır

Ömrümün ən gözəl və səmərəli illərini Azərbaycanın azadlığı, müstəqilliyi və bütovlüyü üğründa sərf etdim. Buna peşman da deyiləm. Tam tərsinə bununla qürur duyuram! Sadəcə məni təəccübləndirən və kövrək ürəyimi qıran, heç bir suçum və günahım olmadan, əsassız olaraq Azərbaycanda həbs edilməyim oldu. Nə üçün və kimlərin sifarişi ilə həbs edildiyimi hələ də bilmlrəm. Bildiyim şey budur ki, tutulduğum dönəmdə dövlət başçısı olan Heydər Əliyev hələ 1991-ci ildən Naxçıvandakı ilk görüşümüzdən məni şəxsən tanıyırdı. Ən əsas da budur ki, Azərbaycan hüquq mühafizə orqanlarının aparıcı və əlaqədar məsul vəzifə sahibləri mənim göstərdiyim xidmətlərdən xəbərsiz deyil idilər. Özəlliklə də Milli Təhlükəsizlik Nazirliyi! Amma dediklərinə görə nə üçün həbs edildiyimi heç onlar da bilməyib! Qəribədir! Azərbaycanda 13 il mühacir həyatı sürdüm! Yaşamadım, süründüm! Bununla belə Azərbaycanı da sevdim, Azərbaycan xalqını da! Nə isə...
Həbsdə olarkən yazdığım şerlərdən biri:


Şəhərdən çox uzaqlarda il dəyişdi:
             Şüvəlanda, 70 saylı kamerada…

Heç bir kəslə göruşmədən,
Heç bir kəsle danışmadan…
Nə bir xoş söz, nə güler üz,
Nə də bayram təbrikleri…

Doğmalardan çox-çox uzaq,
Kimsə haqlı, kimsə nahaq,
Yaşla quru birgə yanır,
Hamı məhbus, hamı dustaq.

* * *

Dariısqal bir uzun zaldır,
Nə allahın günəşindən xəbər vardır,
Nə bəndənin ateşindən əsər vardır.
             Yer-göy beton,
             Yer-göy demir…
Biz kimik ki?,
Lap tanrı da bu soyuqda tir-tir esir!
Divarlarda damcı-damcı
             Rütubətin şehleri var…

Ağır-ağır qorxunc qalın qapılar da
             eyni rəngdə, eyni boyda
             düzülübdür sağda, solda…
Her qapının üzərində
Özundən də çox zəhimli
İki böyük qıfıl durur.
Her qapının arxasında kimler yatir?
             Eləsində dörd adam var,
             Eləsində on beş adam.
Tək başına bir otaqda qalan da var,
Tek başına min-bir dərdə dalan da var...

Bizim otaq 70 saylı kameradır,
Qonşumuzda yerə-göyə sığışmayan,
             Öz acılı taleyilə barışmayan,
             Qəlbi cavan, özü cavan,
             Bir oğlan var!
             Fəryad edir, haray salır,
             Yeri-göyü söyür bəzən!
             Arada bir dözə bilmir bu zülmətə,
             Öz canına qəsd eləyir,
             Əl-qolunu, damarını kəsir-tökür...
             Gecə-gündüz yatmaq bilmir bu gənc oğlan!..
Nə o bizim,
Nə biz onun üzümüzü görməmişik.
Qonşularin heç birini görmək olmur...
Bağlı qapı arxasından eşidilən,
             Boğuntulu nalə səsi gəlir hərdən.

* * *

Bizim otaq 70 saylı kameradir,
             Allah kəssin bu otağı…
Bu otaqda nə vardır ki?
             Rütubətin, siqaretin, tualetin-
             Qarışılmış qoxusundan başqa heç nə!

Bu otaqda iki dəmir taxtımız var,
Gör nə qara baxtımız var:
             Taxtımızın ayaqları-
             Özümüz tək bağlanıbdır betonlara…

Bu otağın küncünde bir tualet var,
             Qoy onu da allah kəssin!
             Nə tualet?
             Tualetin nə qapısı, ne divarı…

Bizim otaq 70 saylı kameradır,
Lap tavana çatan yerdə,
             Əl boyda bir pencərə var.
             Pencereden baxmağa da,
             Nə insanın boyu çatır, nə cürəti.
             Qoy onu da allah kəssin!
             Bir yerdən ki, boy çatsa da,
             Baxmaq belə qadağandır-
                         Nəyə lazım?!

Həyətdə bir məhbus da var:
             Uca boylu şam ağacı!
             Bəzən onun qol-budağı-
                         Baxır bizim pencərədən…

* * *

Bizim otaq 70 saylı kameradır,
Burda yalnız Tahirlə mən yaşamırıq,
Bizdən başqa böcək de var,
             Hörümçək də bu otaqda…
Mən deyəndə allah kəssin bu otağı,
             Tahir deyir:
             Allah, bundan betərindən qoru bizi!

Bizim otaq 70 saylı kameradır,
Tahirlə mən gecə-gündüz
             Yalan-palan, dağdan-daşdan,
             Ağlımıza nə gəlirsə,
             Danışırıq boş-boşuna…
             Nə vaxt ölmür,
             Nə gün keçmir…

Bizim otaq 70 saylı kameradır,
             İki alma,
             İki konfet,
             Bir az çörək,
             Qonşulardan bayaq bizə pay gəlmişdi,
             Bayram payi!

Bizim otaq 70 saylı kameradır,
             Bu otağa
             Heç allahın havası da gələ bilmir,
             Bayram necə gəlsin bura?
             Qorxuram ki, o da gəlsə düşər tora!
             Bura duşən,
             Tora duşən…
                         Çıxa bilmir…

* * *

Bizim otaq 70 saylı kameradır,
             Son günlərdən
             İki alma,
             Bir quru nar,
             Bir az konfet, bir az pendir,
             Üç kiflənmiş lavaşımız qalıb hələ...
Çarə nədir?
Olanımız budur bizim!
Bəlkə bayram süfrəmizi solğun görüb,
             Gəlmir bura?
Bəlkə o da bir şey umur?!
Olanımız budur vallah:
             Süfrəmizi bəzəmişik,
             Yeni ilin süfrəsini…

Tahir deyir:
             Allah, bundan betərindən qoru bizi!
Bundan betər nə vardır ki?
             Allah kəssin bu süfrəni!

* * *

Bizim otaq 70 saylı kameradır,
Bu otaqda Tahirlə mən yaşamırıq,
             Can veririk!
Tahir kimdir?
             45 yaşlı bir qazaxlı…
Ziyalıdır, alimdir o,
Amma hanı elmi sayan?
             Elmə baxan?!
Doqquz aydır yatır burda,
             Min cür dərdə düşub cani…
             Xəstelikdən, ağrilardan,
             Gecə-gündüz zarısa da,
             Bəzən durub gicəllənib yıxılsa da,
             Fəryadına gələn olmur…
Öz-özüne ürək verir:
Allah, bundan betərinden qoru bizi!

Az qalır ki, canı çıxsın,
             Ölüb getsin,
Mən bilmirəm bundan betər nə olacaq?
             Allah kəssin Tahirin bu duasını!

* * *

Bizim otaq 70 saylı kameradır,
             Bu otaqda nə saat var,
             Nə də başqa zaman ölçən bir aparat!
Səhər tezdən qaplları döyə-döyə bağırırlar:
             -qalxın-qalxın!
             Saat altı,
             "proqulka"!!
Baxırsan ki, şaxta kəsir, soyuq kəsir,
             Yatmaq olmur...
Təzə yuxu tutan yerdə
             Dəli-cinli olur adam
             Bu hay-küydən, bağırtıdan…
Hələ bunlar harasıdır?
Öz yerindən durmayanı
             Söyürlər də, döyürlər də…
Di gəl yaşa bu fəlakətlə,              Bu rəzalətlə!..
Zaman da ki, keçmək bilmir.
Burda bir gün, bir il kimi
             Hey uzanır, hey uzanır…

Tahirin də çirk içində
Lap qaralmış ağ damino daşları var,
Fala baxır bu daşlarla…

Yazıq Tahir!
             Daşlari da düz çıxmır heç!
             Allah kəssin bu daşları!

* * *

Bizim otaq 70 saylı kameradır,
Səhər tezdən göz dikmişik
             Ağır dəmir qapıya biz…
Mən bilmirəm rus dilində,
"Nazor"-du bu, "Pazor"-du bu,
             Nəzaretçi mənasında…
Birdən yenə bağırmağa başlayır ki,
"Adboy", "adboy",
Yatın, yatın!

Gözlərimdən axan qandan,
Xəbərsizdir nəzarətçi.
Niyə yataq? Necə yataq?
Onsuz da biz kamerada yatmaqdayıq…
             Allah kəssin bu yatmağı!

Bizim otaq 70 saylı kameradır,
             Bayram oldu, il dəyişdi,
             Amma bizim bu otaqda,
             Heç hava da dəyişmədi…

Yenə Tahir, yenə de men,
             Yenə boş-boş nağıllar...
             Allah kəssin bu nağılı!




31 dekabr 2002-ci il, Gecə saat 23:45
Şüvəlan, 3 saylı İstintaq Təcridxanası, 70 sayli kamera.





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir