|
|
|
Bu şəhərin məhbusları... |
|
|
|
Məftillərlə bəzədilmiş hündür hasar,
Ümidləri kökdən kəsən hündür divar,
Bundan başqa
Üstü-başı silahlanmış əskərlər var...
Bu əskərlər şəhərciyi qoruyurlar.
Şəhərciyin adı nədir?
Üç nömrəli təcridxana!
Kəndimizin töyləsinə bənzər evlər,
Bu evlərin qapısını biz açmırıq,
İstəsək də, açamırıq!
Qapıların açarları başqa yerdə saxlanılır...
Biz kimik ki?
Bu şəhərin sakinləri,
Bu şəhərin məhbusları...
Bura elə qorxuncdur ki,
Quş da uçmur üzərindən.
Həyətdə bir məhbus da var:
Uca boylu şam ağacı.
O, bizdən də daha əvvəl həbsə düşüb,
Nə əyilmir, nə də sınır...
O, bəlkə də sınanlar,
Sınmayaraq, yananları,
Yaxşı-yaman insanlar çox-çox görüb.
Odur ki, bu şam ağacı nə əyilmir, nə də sınmır...
Gecə-gündüz ağır bağlı qapımıza göz dikərək,
Bəlkə kimsə gəlib bizi qurtaracaq!
Bəzən belə uşaq-uşaq düşünərək,
Möcüzələr gözləyirik...
Nə yazıq ki,
Qapımız da açılmır heç,
Möcüzə də baş verməyir...
Bu şəhərin üzərindən quş da uçmur,
Quş uçsaydı,
Bəlkə bir gün sevdiyimiz insanlardan
Ya bir xəbər,
Ya bir sorağ gətirərdi
Nağıllarda olan kimi...
Ümid qalır şam ağacına,
Bəlkə onun qollarına dəyən külək,
Sevdiyimiz insanlara əsib, gəlib...
Bəlkə onun qollarına dəyən külək,
Sevgimizin saçlarından əsib, gəlib...
Ağaca da əl çatmır ki,
O da bizdən uzaqdadır.
Yalnız onun qol-budağı,
Bəzən kiçik pencərədən baxır bizə...
Dekabr 2002
Şüvəlan, 3 saylı İstintaq Təcridxanası, 70 sayli kamera.
Geri qayıt
|
|
|
|
|
|
|