|
|
|
 |
Yar məni öldürüb, bu halə saldı |
|
|
|
Elə çox yorğunam, çox yorulmuşam,
Qap-qara bulud tək göydə dolmuşam,
Mən diri deyiləm, çoxdan ölmüşəm,
Yar məni öldürüb, bu halə saldı.
Nə bir iz buraxdı, nə nişan məndə,
Nə bir din buraxdı, nə iman məndə,
Nə bir ruh buraxdı, nə də can məndə,
Yar məni öldürüb, bu halə saldı.
Dərdimi anlatmam arsız insana,
Var kimi görünən varsız insana,
Anlatmam tək qalan yarsız insana,
Yar məni öldürüb, bu halə saldı.
Cəfakar dünyadan səfa umanlar,
Vəfasız yarından vəfa umanlar,
Səhv edir zəhərdən şəfa umanlar...
Yar məni öldürüb, bu halə saldı.
Gecələr yuxumu yarıda kəsir,
Yuxudan ayıldır, danışmır, susur,
Ruh kimi, yel kimi otaqda əsir,
Yar məni öldürüb, bu halə saldı.
Baş alıb, bir yola çıxıram bəzən,
Gah sağa, gah sola çıxıram bəzən,
Xəyalən qol-qola çıxıram bəzən,
Yar məni öldürüb, bu halə saldı.
27 Oktyabr 2024 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
 |
|
 |
|
 |