|
|
|
Onsuz da dünyaya qərib gəlmişəm |
|
|
|
Bir ömür yolunu gözlədim sənin,
Bu qədər yollara mən baxmamışdım.
Bir ömür adını səslədim sənin,
Hələ mən bu qədər darıxmamışdım.
Qoy qızıl gül kimi solsun taleyim,
Qaradır, qara da qalsın taleyim,
Özümlə bərabər ölsün taleyim,
Hələ mən bu qədər darıxmamışdım.
Nə qədər fəlakət görüb gəlmişəm,
Zülmətin bağrını yarıb gəlmişəm,
Onsuz da dünyaya qərib gəlmişəm,
Hələ mən bu qədər darıxmamışdım.
Bircə söz yazmağa əlim gəlməyir,
Dərdimi, qəmimi kimsə bilməyir,
Bu dünya üzümə niyə gülməyir ?!
Hələ mən bu qədər darıxmamışdım.
Ürəklər soyuyub, nədir bu dəhşət ?!
Nədir bu fəlakət, nədir bu möhnət ?!
Hanı mehrübanlıq, hanı məhəbbət ?!
Hələ mən bu qədər darıxmamışdım.
Gördüyüm insanlar bir-bir ölürlər,
Dünyaya başqa bir ruhla gəlirlər,
Güldüyüm adamlar mənə gülüblər!
Hələ mən bu qədər darıxmamışdım.
Bəxtində nə varsa, mütləq olandır,
Bu yer kürəsini özün dolandır!,
Təzə düşünürəm dünya yalandır!
Hələ mə bu qədər darıxmamışdım.
Bakı 1991
Geri qayıt
|
|
|
|
|
|
|